Xuliqanlıqda təqsirləndirilən iş adamı Azadxan Xanməmmədov və “Riyad” Mühafizə Xidmətinin əməkdaşları – Emin İsgəndərov, Savalan Məhərrəmov, Məzahir Qurbanov, Əvəz Ağayev, Yadigar Əliyev, Ramin Hüseynov, Murad Məmmədov, Rafiq Vəliyev, Elvir Vəliyev, Təbriz Musayev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az Lent.az-a istinadən məlumatına görə, Binəqədi rayon Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, A.Xanməmmədov 3 il, E.İsgəndərov 4 il və S.Məhərrəmovla M.Qurbanovun isə hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə digər şəxslərin barəsində isə 2 il islah işlərinə məhkum etmə barədə qərar çıxarıb.
Xatırladaq ki, prokuror çıxışında Azadxan Xanməmmədovun 4 il, Emin İsgəndərovun 7 il, Ramin Hüseynovun 3 il 6 ay, Məzahir Qurbanovun 4 il, Ramil Hüseynovun 3 il 6 ay, Təbriz Hüseynin 3 il 6 ay, Rafiq Vəliyevin 3 il 6 ay, Murad Məmmədovun 3 il 6 ay, Elvir Vəliyevin 3 il 6 ay, Azər Əliyevin 3 il 6 ay, Əvəz Ağayevin 3 il 6 ay, Savalan Məhərrəmovun 4 il, Yadigar Əliyevin 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, bu il iyunun 8-də səhər saatlarında “Riyad” Mühafizə Xidmətinin bir neçə əməkdaşı ilə Binəqədi rayonu, Mir Cəlal küçəsi 1 d ünvanında yerləşən “Safastore” mağazasının işçiləri arasında dava düşüb. Nəticədə mühafizə xidmətinin əməkdaşları mağaza işçilərini döyüb.
Bir müddət əvvəl sahibkar A.Xanməmmədov sözügedən mağazanı 1.5 milyon manata əvvəlki sahibinə satıb. Lakin sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahib isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Hadisə ilə bağlı 13 nəfər – A.Xanməmmədov, E.İsgəndərov, S.Məhərrəmov, M.Qurbanov, Ə.Ağayev, Y.Əliyev, R.Hüseynov, M.Məmmədov, R.Vəliyev, E.Vəliyev və T.Musayev saxlanılaraq istintaqa cəlb olunub. Daha sonra A.Xanməmmədov, E.İsgəndərov, S.Məhərrəmov və M.Qurbanovun barəsində həbs qətimkan tədbiri seçilib. Digər şəxslərin barəsində isə polisin nəzarəti altında qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılıb.