Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən S.Mustafayevanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub və iş yeni apellyasiya baxışına təyin edilib.
İttihama görə, S.Mustafayeva Sumqayıt şəhərində yerləşən avtomobil sürtkü yağları və akkumulyatorların satışı ilə məşğul olan şirkətlərin birində mühasib vəzifəsində işləyib.
O, 12 iyun 2023-cü il tarixdə, saat 16:30-da çalışdığı şirkətin inzibati binasında, həmin şirkətin əməkhaqqı hesablanması üzrə mühasibi vəzifəsində çalışan zərərçəkmiş V.Hüseynovanın oturduğu otağa daxil olub. Təqsirləndirilən şəxs ona əməkhaqqının verilməsini gecikdirdiyini bəhanə edərək irad tutub. Sonra S.Mustafayeva otaqda olan digər işçilərin gözü qarşısında V.Hüseynovanı nalayiq ifadələrlə təhqir edib və sağ ayağının topuq nahiyəsinə ayaq zərbəsi ilə qəsdən vuraraq, sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirib.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə S.Mustafayeva 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hökmündən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətinin icraata qəbul edilməsi mümkünlüyü yoxlanılaraq apellyasiya şikayətinə baxılmasına xitam verilib, Sumqayıt Şəhər Məhkəməsinin məhkəmə baxışının təyin edilməsinə dair qərar ləğv edilib. S.Mustafayevanın cinayət işinin Sumqayıt Şəhər Məhkəməsinə məhkəmənin hazırlıq iclasına qaytarılması qərara alınıb. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən kassasiya şikayəti verilib.