Almaniyada mühacirətdə olmuş, Azərbaycan tərəfindən axtarışa verilmiş, bir müddət əvvəl Bakıda həbs olunan Müsavat Partiyasının fəalı Mehdi Xəlilbəylinin məhkəməsi başlayıb.
"Report" xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfi hakimə etiraz verib.
Onlar vəsatətlərində hakim Günel Səmədovanın işə düzgün baxmadığını əsas gətirəcək hakimin dəyişdirilməsini istəyiblər.
Vəsatət təmin edilməyib.
Daha sonra zərərçəkən şəxs qismində Mirzə Həsənov ifadə edib.
O, 2003-cü ildə baş verən hadisələr zamanı polis əməkdaşı olub:
"Həmin hadisə zamanı mən zədələnmişəm və qabırğam çatlamışdı. Həmin vaxt uzun müddət hospitalda yatmışam. Sadəcə məni kimin vurmasını görməmişəm. Deyə bilmərəm ki, məni Mehdi Xəlilbəyli vurub. Xəsarət alan zaman hava qaranlıq idi. Məni vuran şəxsi görməmişəm".
Digər zərərçəkən Zaur İsgəndərov məhkəmədə ifadə verib. O, 2003-cü il hadisələrində başından xəsarət aldığını deyib.
Zaur İsgəndərov da hadisə zamanı polis əməkdaşı olduğunu qeyd edib:
"Mənə xəsarət yetirən adam Mehdi Xəlilbəyli olmayıb, bu adamı hadisə zamanı görməmişəm".
Proses sentyabrın 6-da davam edəcək.
Qeyd edək ki, Mehdi Xəlilbəyli bu ilin əvvəlində Bakıya qayıdıb və hava limanında saxlanılıb. Onun barəsində Binəqədi Rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib. Onun Bakıya könüllü olaraq, istintaqa təslim olmaq üçün gəldiyi bildirilir.
Mehdi Xəlilbəyliyə 2003-cü ildə Cinayət Məcəlləsinin 3 maddəsi ilə - 220 (kütləvi iğtişaş), 221 (xuliqanlıq) və 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunub.
Bununla bağlı jurnalist Sahil Kərimli zərərçəkən və daha 13 nəfər zərərçəkən şəxs qismində tanınıb.
Mehdi Xəlilbəylinin istintaqda və məhkəmədə ifadəsində özünü siyasi mühacir saymadığını deyib. O, Azərbaycanda yaşamaq istədiyini, Vətənə buna görə döndüyünü bildirib.
Qeyd edək ki, Mehdi Xəlilbəyli Müsavatın Avropa Koordinasiya Mərkəzinin (AKM) üzvü kimi Almaniyada mühacir alverində də ittiham olunub. 2019-cu ilin noyabr ayında Almaniya polisi siyasi mühacir alverində və saxta sənəd hazırlamaqda şübhəli bilinən azərbaycanlıları saxlayıb.
Saxlanılanlar arasında Almaniyada yaşayan Mehdi Xəlilbəyli də olub. Bununla bağlı məhkəmə prosesi keçirilib. Mehdi Xəlilbəyli 2020-ci ilin yanvar ayında azadlığa buraxılıb.