Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurma və xuliqanlıqda təqsirləndirilən Şahin Musayevin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, protest qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 130.1 və 221.1-ci maddələri ilə məhkum olunmasına dair hökmü verilmiş apellyasiya protestinə münasibətdə ləğv olunub. Şahin Musayev Cinayət Məcəlləsinin 126.1 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və o, 2 il 9 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib və təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbs olunub.
İttihama görə, 1998-ci il təvəllüdlü Şahin Musayev 25 iyun 2022-ci il tarixdə, saat 20:41-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsində idarə etdiyi "Toyota Prius" avtomobilində hərəkətdə olduğu zaman arxadan eyni istiqamətdə hərəkətdə olan "Mercedes-Benz E230" maşınının sürücüsü, zərərçəkmiş Bəhram Bağırov səs siqnalı və xarici işıqlarla yol vermək işarəsindən istifadə edib. Sonra hər iki şəxs arasında mübahisə yaranıb. Bu zaman Şahin zərərçəkmiş şəxsin sifətinə güclü yumruq zərbələri endirib.
Hadisənin səhəri günü Bəhram Bağırov onu axtarmağa başlayıb və tanışlarının dörd müxtəlif minik avtomobili ilə Şahinin maşınına maneə yaradaraq saxlamaq cəhdləri ediblər. Şahin isə yaşadığı Hövsan qəsəbəsi, Elman Qasımov küçəsindəki evinin qarşısına çatanda Bəhram və onun tanışları təqsirləndirilən şəxsi əhatəyə alıb hərəkətini məhdudlaşdırıblar. Sonra onlar zor tətbiq etmək üçün götürdükləri müxtəlif əşyalarla Şahinin üstünə gedib avtomobildən çıxmasını tələb ediblər. Bu zaman Şahin maşında qapanıb tanışlarına kömək üçün zəng vuraraq, onları hadisə yerinə çağırıb. Həmin şəxslər də hadisə yerinə gəliblər. Sonra Şahin maşından çıxıb, əllərində kəlbətin və naməlum əşya ilə onun üstünə gələn Bəhramın baş-sifət nahiyəsinə yumruq zərbələri vuraraq yerə yıxıb. O, üstündə olan kəsici-deşici xassəli əşya ilə zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ona xəsarətlər yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 1500 manat cərimə cəzası təyin olunub. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.