Qubada qohumunun arvadını qaçıran şəxsi döyərək öldürməkdə təqsirləndirilən Şahmar Əsədov, Sadıq Dadaşov, Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçiyev və Nazim Mikayılovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahmar Əsədov 18 il, Sadıq Dadaşov 18 il, Pərviz Əsədov 17 il, Mətləb Muradov 17 il, Zabit Yolçiyev 16 il və Nazim Mikayılov 16 il müddətinə azadlıqdan məhrum ediliblər. Ali Məhkəmə də qərarı dəyişdirmədən qüvvədə saxlayıb.
İttihamda yazılıb ki, təqsirləndirilən şəxslər Aynur Əsədova və Elşad Əsədovun birlikdə qoşularaq Bakıya qaçdıqlarını öyrəniblər. Onlar bunu namuslarına toxunmaq kimi qiymətləndiriblər. Buna görə də Aynur və Elşadı axtarmaq üçün Bakıya gəliblər. Hər ikisini taparaq Qubaya aparıblar.
Qubada olarkən əvvəlcə Sadıq Dadaşov maşında oturan Elşad Əsədova bıçaqla zərbə endirib. Daha sonra digər təqsirləndirilən şəxslər Elşadı maşından düşürərək çoxsaylı bədən xəsarəti yetiriblər. Elşad aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Elan olunmuş ittihamla Sadıq Dadaşov və Şahmar Əsədov özlərini qismən təqsirli biliblər.
Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçiyev və Nazim Mikayılov isə özlərini təqsirli bilməyiblər.
25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Məlumata görə, qadın öz razılığı ilə E.Əsədovla birgə gedib.
Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov E.Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər. E.Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib.
Onlara qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.