Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyatlar keçirilib.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirib. Tədbirlər zamanı əvvəllər məhkum olunmuş Azər Əzizovdan 2 kiloqram 130 qram heroin, Xırdalan şəhər sakini Murad Hüseynovdan 4 kiloqram 375 qram marixuana aşkarlanıb. Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Bakı şəhərində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər.
İdarə əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı qanunsuz olaraq odlu silah-sursat saxlayan əvvəllər məhkum olunmuş Oktay Xanlarzadə saxlanılıb. Ondan bir ədəd lüləsi kəsilmiş odlu silah və dörd ədəd patron aşkarlanıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən aprel ayı ərzində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 95 fakt aşkar olunub. Vətəndaşlarla aparılan profilaktik tədbirlərin nəticəsi olaraq yeddi odlu silah, o cümlədən beş “Kalaşnikov” avtomatı, iki “Makarov” tapançası və 187 ədəd patron polis əməkdaşlarına təhvil verilib.