Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan və qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı bir neçə əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı Ağdaş rayon sakini Əli Əsədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana və avtomat patronları aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun rayon ərazisində gizlətdiyi atəşəyararlı, lüləsi və qundağı kəsilmiş tüfəng, 100 ədəd avtomat patronu, “Kalaşnikov” markalı silaha məxsus daraq, eləcə də 155 qram narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.
Keçirilmiş digər əməliyyat tədbiri nəticəsində isə rayon ərazisində narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Rəsul Alməmmədov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan marixuana aşkar olunub.
Faktlarla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, saxlanılan hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.