Zaqatalada kişi qadını üç bıçaq zərbəsi ilə qətlə yetirib.
Oxu.az-ın əldə etdiyi məlumata görə, Əli Səfərov Aygün Həşimovanın ikinci həyat yoldaşı olub. Onlar ayrıldıqdan sonra bir müddət də Bakı şəhərində birlikdə yaşayıblar. Amma aralarında yaranan münaqişələrə görə, A.Həşimova yenidən Zaqatala şəhərinə qayıdıb, burada kafelərin birində işləməyə başlayıb.
Bu gün səhər saatlarında şəhər xəstəxanasının yaxınlığındakı küçədə Ə. Səfərov A.Həşimova ilə mübahisə edib. Mübahisə nəticəsində Ə.Səfərov A.Həşimovaya üç bıçaq zərbəsi vurub. Onların səsinə yaxınlıqdakı mühafizə polisi gəlib.
Araşdırmalarla Əli Səfərovun şəhərin Həzi Aslanov küçəsində şəxsi münasibətlər zəminində Aygün Həşimovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Əli Səfərov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
Qeyd edək ki, Aygün Həşimovanın birinci nikahından bir qız övladı olub.
* * * * *
Zaqatalada qadının qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub.
1989-cu il təvəllüdlü Aygün Mikayıl qızı Həşimovanı keçmiş əri 1991-ci il təvəllüdlü Əli Fərhad oğlu Səfərovun qətlə yetirdiyi ehtimal olunur.
Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. A.Həşimovanın rayondakı kafelərdən birində işləməsi keçmiş ərini narahat edib. Ə.Səfərov bununla bağlı ona dəfələrlə xəbərdarlıq edib. Keçmiş həyat yoldaşının işinə davamı isə A.Həşimovanın ölümü ilə nəticələnib.
* * * * *
Noyabrın 24-də saat 9 radələrində Zaqatala şəhərində 1989-cu il təvəllüdlü Aygün Mikayıl qızı Həşimovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Əli Fərhad oğlu Səfərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
* * * * *
Zaqatalada qadın qətlə yetirilib.
APA-nın məlumatına görə, hadisə təxminən 09:00 radələrində şəhərin Həzi Alsanov küçəsində, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında qeydə alınıb.
Hələ ki, şəxsiyyəti dəqiqləşdirilməyən orta yaşlı qadın küçədə bıçaqlanaraq qətlə yetirilib.
Zaqatala rayon hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub, araşdırma aparılır.