Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində küllü miqdarda tiryək və qurudulmuş marixuana dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, 51 yaşlı Elman Ağayev çalışdığı avtoyuma məntəqəsinin qarşısında saxlanılıb.
Onun üzərinə və çalışdığı avtoyuma məntəqəsinə keçirilən baxış zamanı məntəqədən təmiz çəkisi 1 kiloqram 100 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.
Dindirilmə zamanı E.Ağayev narkotik vasitənin ona məxsus olduğunu və heç kimin tapa bilməməsi üçün məntəqədə gizlətdiyi etiraf edib.
Keçirilən digər bir uğurlu əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində, satışında və kultivasiyasında şübhəli bilinən rayonun Arbatan kənd sakini, 54 yaşlı Vilayət Qədirov da saxlanılıb.
Ona məxsus kənd ərazisində yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı isə oradan təmiz çəkisi 15 kiloqramdan artıq olan 3 kisə qurudulmuş marixuana, eləcə də həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş doqquz ədəd çətənə bitkisi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı V.Qədirov narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu və rayon ərazisində narkotiklərin satışı həyata keçirdiyini etiraf edib.
Faktlarla bağlı hər iki şəxs barəsində Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.