Bakıda yaşlı qadına qarşı quldurluq edən Mirzə Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
İş üzrə toplanan materiallar baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Ramin Xəlilovun sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə bəlli olacaq.
Qeyd edək ki, Mirzə Əliyev 13 sentyabr 2019-cu ildə Nəsimi rayonundakı marketlərdən birindən çıxan qadına əlində olan paketləri daşımağa kömək etmək adı ilə yaxınlaşıb. Paketləri evə qaldırandan sonra zərərçəkən qadın M.Əliyevə su gətirmək üçün mətbəxə keçib.
Bu zaman M.Əliyev xanımın içərisində 2350 manat olan çantasını oğurlayaraq, hadisə yerindən qaçıb. Sonuncu dəfə isə Mirzə Əliyev qadını bankomatdan pul çıxaran zaman görüb və təqib edərək, binanın girişində ona hücum edib.
Mirzə Əliyev barəsində Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.1 (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama) və 181.2.2 (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın, təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.