Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində İKİ kiloqram narkotik vasitə aşkarlanaraq, qanunsuz dövriyyədən çıxarılıb.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirvan şəhər sakinləri Hakim Manafov və əvvəllər məhkum olunmuşlar Elvin Quliyev, Mahir Abbasov Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində sonuncunun idarə etdiyi “VAZ 2106” markalı avtomobildə saxlanılıblar.
Keçirilən baxış zamanı həmin avtomobildən iki kiloqram narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Həmin şəxslərin narkotik vasitəni İran vətəndaşı “Əli” adlı şəxsin köməyi ilə qaçaqmal yolu ilə ölkə ərazisinə keçirdikləri müəyyən edilib.
Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.