Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən Balakən şəhəri ərazisində hərəkətdə olan “Opel” markalı avtomobil saxlanılan zaman sürücü və sərnişinlərdə narkotik vasitə olması barədə şübhəli hərəkətlər hiss edildiyindən həmin nəqliyyat vasitəsi və şəxslər polis şöbəsinə gətirilib.
Həmin şəxslərin Sumqayıt şəhər sakinləri 36 yaşlı Fuad Quliyev, 34 yaşlı Şahin Səfərov və 45 yaşlı Zaur Əlizadə olduqları müəyyən olunub.
Şəxsi axtarış zamanı F.Quliyevdən sellofan torbada 230 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana, Z.Əlizadədən siqaret qutusunda metamfetamin psixotrop maddəsi aşkar edilərək, maddi sübut kimi götürülüb.
Ş.Səfərova məxsus “Opel” markalı avtomobilə baxış keçirilən zaman oradan da metamfetamin və qurudulmuş marixuana aşkar olunub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.