Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla əlillərə verilən təqaüdlərin məbləği artırılır.
Sərəncamda müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin I qrup əlilliyə görə 250 manata, II qrup əlilliyə görə 230 manata, III qrup əlilliyə görə 210 manata çatdırılmasının nəzərdə tutulduğu qeyd olunub.
Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əmək pensiyası almaq hüququ olan I qrup əlillərə (gözdən əlillər istisna olmaqla) şamil olunması və məbləğinin 100 manata çatdırılması nəzərdə tutulur.
Bundan başqa, I qrup əlilliyə görə sosial müavinətlərin məbləği 150 manata, II qrup əlilliyə görə 130 manata, III qrup əlilliyə görə isə 110 manata çatdırılacaq.
Qeyd edək ki, prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə normativ hüquqi aktların layihələrini on beş gün müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.