Vətəndaşlara verilən kredit tam ödənildikdən sonra borcun bağlanmasına dair arayış üçün əksər banklar ödəniş tələb edirlər. Qiymətlər isə 20, 30, 50, manat arasında dəyişir.
Median.Az Xəzər TV-yə istinadla xəbər verir ki, bu hal paytaxt sakini İlham Məmmədovun da başına gəlib.
Ondan tələb olan arayışı almaq üçün banka müraciət etdikdə, bunun ödənişli olduğu bildirilib.
İlham Məmmədov deyir ki, arayış müqabilində ondan tələb edilən ödənişin heç bir əsası yoxdur.
Bank işləri üzrə hüquqşünas Samir Qasımovun sözlərinə görə, kredit müddəti davam etdiyi dövrdə vətəndaş kreditin qalığı barədə il ərzində iki dəfə kağız formasında bankdan ödənişsiz arayış ala bilər.
Elektron sayda isə istənilən sayda almaq mümkündür. Lakin krediti ödədikdən sonra bu arayış üçün ödəniş tələb etmək bankın daxili qaydaları əsasında nizamlanır.
Hüquqşünas onu da əlavə edib ki, kreditlərlə bağlı bütün məlumatlar mərkəzləşdirilmiş kredit reyestri xidmətində toplanır. Bankdan arayış ala bilməyən vətəndaşlar "Asan xidmət" vasitəsilə reyestrə müraciət edərək borcun bağlanmasına dair arayış əldə edə bilərlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: