Azərbaycanda, xüsusilə Bakı şəhərində mənzil sahibi olmaq asan prosedur deyil. İpoteka ilə mənzil almaq şərtləri isə hər ailəyə əlçatan deyil.
Elə buna görə, İpoteka və Kredit Zəmanət Fondu ölkə vətəndaşlarının mənzil təminatının və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi istiqaməti üzrə prosedur və qaydalara müvafiq dəyişikliklər edib.
Doğrudur, dəyişikliklərə əsasən, yenə də hər kəsin bu şərtlərdən asanlıqla istifadə edəcəyini demək olmaz. Yəni mənzil sahibi olmağımız üçün Avropadakı kimi 2 faizli kreditlərdən istifadə edə bilməyəcəyik. Lakin müəyyən təbəqə var ki, əlində pulu olsa da, ipoteka şərtləri üçün əlverişli olan sənədlərə malik deyil. Yeni şərtlər məhz belə insanların mənzil sahibi olmasına şərait yaradacaq - kiçik sahibkarların.
Dəyişikliyə əsasən, gəlirlərin qiymətləndirilməsi şərtləri yumşaldılıb, yaşı yuxarı olan ailə üzvü ilə birgə müraciət edən ərizəçi üçün uzun müddətə ödəmə imkanı yaradılıb və sabit vergi ödəyicilərinin kirayə mənzil mexanizmindən faydalanması əlçatan olub…
Bizimyol.info-ya yeni şərtlər barədə danışan daşınmaz əmlak sektoru üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, satmaq öhdəliyi ilə kirayə şərtləri əsasən üç istiqamət üzrə sadələşdirilib.
O bildirib ki, ilk növbədə vətəndaşlara bütün kredit tarixçəsi müddətində 90 gündən çox gecikdirilmiş öhdəliklərinin olmaması tələbi qoyulmayacaq. (burada bu günə qədər götürülmüş istənilən növ kreditdən söhbət gedir, məişət əşyası, avtomobil və.s). Başqa sözlə, problemli kreditor söhbəti aradan qalxacaq.
Ekspert bildirib ki, qaydalara edilən dəyişikliyin ən müsbət tərəfi sabit vergi ödəyicilərinin VÖEN açdırmaqla kredit almaq imkanlarının yaranmasıdır. Yeni şərtlə hər hansı bir sahədən sabit gəliri olan istənilən şəxs rəsmi iş yeri olmasa da, VÖEN-lə göstərilən fəaliyyət növü satmaq öhdəliyi ilə kirayə mənzil şərtlərinə uyğun gəlirsə, ev sahibi ola biləcək.
Xatırladaq ki, yeni qaydalar yalnız yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verilməsi istiqaməti üzrə proseduru əhatə edir. Elnur Fərzəliyev bildirib ki, analoji sadələşmə ipoteka kreditlərinə də şamil olunsa, həm vətəndaşların ev problemi həll olunar, həm də ölkə iqtisadiyyatında ciddi canlanma yaranar:
"Tikinti sektorunun canlanması Azərbaycan iqtisadiyyatını daha çox dayanıqlı edir. Çünki ölkə iqtisadiyyatının 30-40 faizi əmlak sektorundan asılıdır. Tikinti sektoruna bağlı olan sahələr də onunla müntəzəm irəliləyir. Alqı-satqı artdıqca dövriyyəyə daxil olan vəsait çoxalır , bu da yeni binaların tikilməsini stimullaşdırır”,- deyə ekspert qeyd edib.
Son 25 ildə Bakıda tikinti bumunun şahidi olduq. Amma rəqabətli mühit belə mənzillərin qiymətinin ucuzlaşmasına səbəb olmadı. Gənc vaxtı ev sahibi olmaq istəyənlərin saçı, saqqalı ağarsa da, ömürləri kirayələrdə keçir. İmkanı az, arzuları böyük olanların tək ümidi də ipoteka kreditləridir. Hökumət bu sahəni daha əlçatan eləməklə ailə-məişət zəminli problemlər daxil olmaqla bir çox məsələlərin həllinə yol açmış olar.