Fevralın 18-də Ankarada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın rəhbərliyi ilə Türkiyə-Azərbaycan Biznes Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, forumda iki qardaş ölkənin hökumət nümayəndələri, iş adamları, şirkət rəhbərləri, biznes və ticarət sahələrini təmsil edən tanınmış şəxslər iştirak ediblər.
Forumda çıxış edən Baş nazir Əli Əsədov Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfəri tarixi hadisə kimi dəyərləndirib. O, şanlı Qələbənin əldə olunmasında Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş Türkiyənin göstərdiyi siyasi, mənəvi dəstəyə görə minnətdarlığını bildirib. Əli Əsədov İraqın şumalında 13 türkün amansızcasına qətlə yetirilməsinin Azərbaycanda hiddətlə qarşılandığını forum iştirakçılarının diqqətinə çatdırıb.
Baş nazir bildirib ki, hazırda Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycanlı iş adamları bu baxımdan Qafqaz və Mərkəzi Asiya ölkələrindən olan iş adamları arasında liderdir.
Azərbaycan-Türkiyə əməkdaşlığının bütün sahələrdə inkişafına yeni təkan verildiyini deyən Baş nazir bildirib ki, bu, ölkələrimiz arasında ticarət dövriyyəsinin, sərmayə qoyuluşunun, turist səfərlərinin artmasına, xalqlarımızın bir-biri ilə daha da yaxınlaşmasına imkan yaradacaq.
Azərbaycanın və Türkiyənin birgə həyata keçirdiyi iri enerji layihələrinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayan Əli Əsədov deyib ki, mühüm infrastruktur layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınan yüklərin həcmi ötən il 2 dəfə artıb.
Baş nazir deyib: Əminik ki, bu işbirliyi davam edəcək. Azərbaycan artıq 3+3 formatında yeni regional əməkdaşlıq platforması təklif edib. Bu platformanın mühüm tərkib hissəsi Naxçıvandan keçməklə Azərbaycan və Türkiyəni birləşdirəcək yeni dəhlizdir.
“Tarixi Vətən müharibəsində Zəfərdən sonra ölkəmiz üçün yeni dövr başlayıb. İşğaldan azad edilmiş torpaqların bərpası və inkişafı ilə bağlı strategiya hazırlanıb. Azərbaycan Prezidenti dediyi kimi, hədəfimiz Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir. Artıq bərpa işləri başlanıb və ilkin kontraktlar imzalanıb. Əlbəttə ki, ilkin tərəfdaşlarımız türk qardaşlarımızdır”, - deyə Əli Əsədov qeyd edib.
Baş nazir bildirib ki, türk şirkətləri artıq infrastruktur layihələrini icra etməyə başlayıblar. Zəfər yolu adlanan Füzuli-Şuşa yolu, həmçinin Toğana-Kəlbəcər yolunun tikintisində artıq türk şirkətləri iştirak edirlər. Bundan əlavə, Füzulidə tikiləcək hava limanının layihəsində də türk şirkətlərinin iştirakı nəzərdə tutulub. Ümumiyyətlə, bərpa işlərinin layihələrində türk qardaşlarımızı görməkdən çox məmnunuq.
Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay çıxış edərək deyib ki, Türkiyə ilə Azərbaycan bir-birinin, sadəcə, qanı ilə, canı ilə qardaşı deyil, eyni zamanda, ən önəmli siyasi müttəfiqi, əsas ticarət tərəfdaşı və sərmayəçisidir. Azərbaycan ilə iqtisadi və ticarət münasibətlərimizi ən yüksək səviyyəyə çatdıracağımıza inanıram.
Fuat Oktay vurğulayıb ki, işğalçıların, terrorçuların qarşısında Azərbaycanın yanında olduq. Qarabağ müharibəsində şəhid olan qəhrəman Azərbaycan əsgərlərini və həlak olan 100 dinc sakin qardaşlarımızı rəhmətlə anır, qazilərimizə cansağlığı və uzun ömür diləyirəm.
Türkiyənin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında fəal iştirak edəcəyini bildirən Vitse-prezident deyib ki, Naxçıvan ilə Azərbaycanın digər bölgələri arasında planlaşdırılan dəhlizin açılması ilə Bakı Mərkəzi Asiya bölgəsində önəmli logistik mərkəz halına gələcək.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov forumda çıxış edərək diqqətə çatdırıb ki, nəqliyyat və tranzit sahəsi Azərbaycan və Türkiyənin ikitərəfli əməkdaşlığında mühüm sahələrdəndir. Bu gün də Türkiyə tərəfi ilə həmin sahələrlə bağlı müzakirələr aparılıb. Son illər Azərbaycan ərazisindən Türkiyə və Orta Asiyaya, eləcə də əks istiqamətdə hərəkət edən TIR-ların sayında əhəmiyyətli artım müşahidə edilib. 2020-ci ildə dinamika 2019-cu illə müqayisədə 74,4 faiz olub.
Nazir bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıqda Preferensial Ticarət Sazişi mühüm yer tutur. 2019-cu ildə imzalanmış sazişi artıq Türkiyə parlamenti ratifikasiya edib. Martın 1-dən sənədin qüvvəyə minməsi ticarət əlaqələrimizin inkişafına töhfə verəcək. Bundan başqa, inanırıq ki, Türkiyənin Naxçıvanda ticarət attaşesi təyin etməsi, həmçinin Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq, Azərbaycanın İstanbulda ticarət nümayəndəliyinin təsis edilməsi işlərin daha səmərəli və çevik həyata keçirilməsini təmin edəcək. Sevindirici haldır ki, Azərbaycanda türkiyəli iş adamları geniş təmsil olunur. Türkiyə və Azərbaycan müəssisələri qarşılıqlı olaraq sərmayə qoyuluşunda fəal iştirak edir. Azərbaycan-Türkiyə Birgə İnvestisiya Fondunun təsis edilməsi kimi təşəbbüslər, ölkələrarası iri müəssisələrin və iri layihələrin, xüsusilə birgə texnologiyaların mübadiləsinə istiqamətlənən layihələrin reallaşması bizim qarşımızda duran vəzifələrin daha sürətlə icrasına yardım ola bilər.
Türkiyənin ticarət naziri Ruhsar Pekcan deyib ki, Azərbaycanın Zəfəri bölgəmizin ticari və logistik infrastrukturunu dəyişən tam yeni bir dövrün başlanğıcını yaratdı. Bu yeni mərhələdə də azərbaycanlı qardaşlarımızın yanında olacağıq. Nazir diqqətə çatdırıb ki, dövlət başçılarımızın da qeyd etdiyi kimi, iki ölkə arasında ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq əsas hədəflərimizdən biridir.
Ruhsar Pekcan qeyd edib ki, bütün dünya pandemiya səbəbindən çətin günlər yaşadığı bir dövrdə Azərbaycanın böyük bir iradə ilə Qarabağı işğaldan azad etməsi hamımızda sonsuz sevinc yaradıb. Şəhidlərimizə Allahdan rəhmət diləyir, Zəfər münasibətlə azərbaycanlı qardaşlarımızı təbrik edirik.
Azərbaycanla indiyədək 400-dən çox layihə həyata keçirildiyini dıqqətə çatdıran nazir bildirib ki, artıq Türkiyə şirkətləri Qarabağın bərpası və yenidən qurulması prosesində azərbaycanlı iş adamları ilə sıx əməkdaşlıq şəraitində çalışırlar. İndiyə qədər ortaya qoyduğumuz uğurlu işləri infrastruktur layihələrində də tətbiq edəcəyik.
Forumda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Türkiyə Xarici İqtisadi Əlaqələr Təşkilatının rəhbəri Nail Olpak, Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Selçuk Akat və digərləri çıxışlarında biznes, ticarət və istehsal sahələrində əməkdaşlıq əlaqələrinin yaratdığı sağlam mühitdən danışıblar.
Qırx dörd günlük Vətən müharibəsinin Qələbə ilə başa çatmasını Azərbaycanın və Türkiyənin ortaq sevinci kimi dəyərləndirən natiqlər diqqətə çatdırıblar ki, işğaldan azad olunan torpaqlarda bərpa və quruculuq işlərinin aparılması iqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb etdiyi kimi, həm də mənəvi borcumuzdur.
Forumdakı çıxışlarda Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun, TANAP və TAP layihələrinin bölgədə iqtisadiyyatın davamlı inkişafına yaratdığı imkanlar yüksək dəyərləndirilib. Birmənalı şəkildə ifadə olunub ki, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri təkcə iki ölkə və xalq üçün deyil, böyük bir coğrafiyada dinamik inkişafı və firavan həyatı təmin edir.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradələri və dostluq münasibətləri böyük perspektivlər vəd edir.
Biznes forumun sonunda hökumət üzvləri və iş adamları arasında əməkdaşlığa dair 11 sənəd imzalanıb.
18:21
Ankara şəhərində Türkiyə-Azərbaycan iş adamları forumu keçirilib.
Forumda Baş Nazir Əli Əsədov, İqtisadiyyat naziri Mikayıl Cabbarov da iştirak edib.