Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) keçirildiyi məkanlarda ötən gün yeddi idmançı travma alıb.
Səhiyyə Nazirliyindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ərazidə növbətçilik çəkən təcili tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə yeddi müraciət daxil olub.
Müraciətlərdən altısı kiçik travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yardım ediblər.
15 yaşlı macarıstanlı idmançı sağ qaşüstü nahiyəsinin kəsiyi diaqnozu ilə müraciət edib. Təcili tibbi yardım briqadası onu Kliniki Tibbi Mərkəzə çatdırıb. İdmançı yardım göstərildikdən sonra xəstəxanadan evə buraxılıb. Vəziyyəti normaldır.
Bundan əvvəl təcili tibbi yardım briqadalarına ümumilikdə 24 müraciət daxil olub.
Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) keçirildiyi dövrdə müəyyən olunmuş yerlərdə 41 təcili tibbi yardım briqadası növbə çəkir.