Karate üzrə yeniyetmə və gənclərdən ibarət milli komandamız Danimarkanın Albo şəhərində keçirilən növbəti Avropa çempionatında mübarizəyə başlayıb.
Qitə çempionatının ilk günü bütün yaş qruplarında kata və 14-15 yaşlı yeniyetmələrdə -52, -57, -63, -70 və +70 kq oğlanlar, eləcə də -47, -54 və +54 kq qızların kumite yarışlarının nəticələri məlum olub.
Azərbaycan ilk gündə üç medal qazanıb. Kumite yarışlarında Hüseyn Məmmədli (-57 kq) bürünc medal uğrunda görüşdə italiyalı Yakopo Botossoya, Tale Yaqubov (-63 kq) isə finalda ukraynalı Leon Qayduka qalib gəlib.
Həmçinin kata millimizin aparıcı üzvü Roman Heydərov 18-21 yaşlı gənclər arasında mübarizədən qalib ayrılıb. O, Avropa çempionu olub.
Qeyd edək ki, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında 46-cı, 21 yaşadək gənclərdə isə 11-ci olan qitə çempionatında 51 ölkədən 1092 idmançı iştirak edir. Hələ ki 19 ölkənin idmançıları medal qazana bilib. İlk günün göstəricisinə görə, Azərbaycan Türkiyədən sonra ikinci olub.
//oxu.az