Dorset qraflığının polisi qəzaya uğramış təyyarənin dağıntılarından çıxarılmış meyitin argentinalı futbolçu Emiliano Salaya məxsus olduğunu təsdiqləyib.
“RİA Novosti”nin məlumatına görə, təyyarənin qalıqları bazar ertəsi La-Manş boğazının dibində aşkarlanıb.
Futbolçunun ailəsi artıq meyitin kimliyinin müəyyən edildiyi barədə məlumatlandırılıb. Təyyarəni idarə etmiş pilotun meyiti isə hələ də tapılmayıb.
Baş verən faciə ilə bağlı araşdırma davam etdirilir.
Xatırladaq ki, Nantdan Uelsin paytaxtı Kardiffə uçan tək mühərrikli “Piper Malibu” təyyarəsi yanvarın 22-də radarlardan itib. Təyyarənin göyərtəsində iki nəfər – pilot Deyv İbbotson və futbolçu Emiliano Sala olub. Argentinalı hücumçu yanvarın 19-da Fransanın “Nant” klubundan “Kardiff siti” klubuna transfer olunmuşdu.