Azərbaycan paralimpiya hərəkatının tarixində ilk dəfə olaraq paralimpiyaçılar qış idman növü üzrə beynəlxalq yarışa qatılırlar.
Median.Az xəbər verir ki, Azərbaycan paralimpiya hərəkatının tarixində ilk dəfə olaraq Qış idman
növü üzrə Paralimpiya Milli Komandasının idmançıları Gülnar Rəhimova (dağ xizəyi) və Aytac Qasımova (snovbord) Asiya Çempionatında iştirak etmək üçün yanvarın 31-də İran İslam Respublikasının Tehran şəhərinə yola düşüblər.
Yarışlar 31 yanvar - 07 fevral 2019-ci il tarixlərində keçiriləcək. Bu münasibətlə, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov idmançıları qəbul edərək, onların hazırlıq vəziyyəti ilə maraqlanıb və ilk beynəlxalq yarışda iştirak etmələrini yüksək qiymətləndirərək onlara uğurlar arzulayıb.
İdmançılarımız yarışa hazırlıq məqsədi ilə 14-25 Yanvar 2019-ci il tarixlərində "Şahdağ Turizm Mərkəzi" QSC-nin ərazisində təlim məşq toplantısı keçiblər.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nəzdində "Şahdağ Turizm Mərkəzi" QSC və Dağ Xizək federasiyasının dəstəyi ilə qış idman növləri üzrə komanda yaradılıb. Komanda üzvləri 31 oktyabr - 13 noyabr tarixlərində BƏƏ-nin Dubay şəhərində keçirilmiş birinci təlim məşq toplantısında iştirak ediblər.