Azərbaycan I divizionunda çıxış edən “Kəpəz”in futbolçusu Eltac Mirzəyev IV turun “Zaqatala” ilə matçında etdiyi hərəkətlərə görə klubu tərəfindən cəzalandırılıb.
Median.Az xəbər verir ki, 20 yaşlı hücumçu matçın 90+3-cü dəqiqəsində rəqibə qarşı aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
O, meydanı tərk edərkən komandanın formasını nümayişkaranə şəkildə yerə atıb.
Bu addım isə istər klubda, istərsə də azarkeşlər arasında birmənalı qarşılanmayıb. Məlum hadisə ilə bağlı məşqçilər korpusunun təqdimatına əsasən, rəhbərlik tərəfindən Mirzəyevlə bağlı sərt qərarlar qəbul edilib.
Həm meydandan qovulması, həm şərəfini qoruduğu klubun atributuna qarşı etdiyi hörmətsizlik nəzərə alınmaqla, futbolçunun bir aylıq məvacibi kəsilib. Üstəlik, o, bir müddət məşqlərdən kənarlaşdırılıb. Klubdaxili iclasda etdiyi hərəkətdən peşman olduğunu dilə gətirən Eltac Mirzəyev kollektivdən və azarkeşlərdən üzr istəyib.
Qeyd edək ki, AFFA-nın İntizam Komitəsi bu futbolçunu üç oyunluq cəzalandırıb. Futbolçu bu hərəkətinə görə klubunun 240 manat cərimələnməsinə səbəb olub.//oxu.az