FIFA 2023-cü il dünya çempionatının seçmə oyunları öncəsi iştirakçı yığmaların heyətində diqqət çəkən futbolçuların adlarını açıqlayıb.
10 oyunçunun yer aldığı siyahıda Azərbaycan millisinin kapitanı Aytac Şərifova da var.
Ali futbol qurumu hesab edir ki, 24 yaşlı qapıçı komandasını böyük arenaya çıxara bilər: "Şərifova uzun illərdir beynəlxalq arenada möcüzələr yaradır. 24 yaşlı oyunçu 2012-ci ildə ölkəsinin ev sahibliyi etdiyi 17 yaşadək qızlar arasında dünya çempionatında Kanada ilə matçın (0:1) ulduzu olub. O, hücumçu Aysun Əliyeva və müdafiəçi Jalə Məhsimova ilə birlikdə ən yaxşılardan biri idi. Şərifova həmin heyətdən əsas yığmaya yüksələn azsaylı oyunçulardandır. Aytacın meydandakı təsirini nəzərə alsaq, bunun səbəbini anlamaq elə də çətin olmaz".
Məqalədə həmçinin Şərifovanın Çempionlar Liqasında (ÇL) oynamış ilk azərbaycanlı qadın futbolçu olduğu vurğulanıb. Qapıçı Qazaxıstan "Okjetpes"inin heyətində ÇL-də çıxış edib.
"10-luq"dakı digər futbolçular bunlardır: Keti MakKeyb (İrlandiya), Haydi Sevdal (Farer adaları), Karolina Lea Vilhyalmsdottir (İslandiya), Nataşa Andonova (Şimali Makedoniya), Heyli Bugeja (Malta), Cenis Kayman (Belçika), İvana Rudeliç (Xorvatiya), Ana Borxes (Portuqaliya), Lara Prasnikar (Sloveniya)
Qeyd edək ki, E qrupunda yer alan Azərbaycan millisi ilk matçını sentyabrın 17-də Moskvada Rusiyaya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu qrupda Danimarka, Bosniya və Herseqovina, Malta və Monteneqro yığmaları da mübarizə aparır.
///Report