Rusiyanın Kazan şəhərində MDB ölkələri Bədən Tərbiyəsi və İdman Şurasının iclası keçirilib.
İclasa Rusiya gənclər və idman nazirinin müavini Aleksey Morozov sədrlik edib.
Toplantıda hazırda davam edən MDB ölkələrinin I Oyunlarına bütün ölkələrin qatıla bilməməsindən təəssüf ifadə olunub. Bildirilib ki, Türkmənistan epidemioloji vəziyyətlə əlaqədar son anda Oyunlardan kənarda qalıb.
İclasda ölkəmizi Azərbaycanı Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Namiq Novruzov təmsil ediblər.
N.Novruzov Azərbaycanda idmanın inkişafına və idman infrastrukturlarının yaradılmasına böyük diqqətin yetirildiyi, ölkədə böyük idman yarışlarının təşkil edildiyini diqqətə çatdırıb. O, II MDB Oyunlarını da təşkil etməyə hazır olduqlarını vurğulayıb.
Toplantıda Belarus nümayəndəsi də növbəti Oyunlar üçün namizədliyini irəli sürüb.
Təşkilatçı ölkənin MDB İcraiyyə Komitəsinin dekabrda keçiriləcək iclasında seçiləcəyi, yarış proqramının yaxın vaxtlarda müəyyənləşəcəyi və növbəti Oyunların 2023-cü ildə təşkil olunacağı diqqətə çatdırılıb.