“Neftçi”nin sabiq prezidenti Aydın Ibrahimov II Fəxri Xiyabanda basdırılacaq.
Bu barədə oxu.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Aydın İbrahimov sabah saat 12-də dəfn ediləcək.
Ailəsinə də bu barədə məlumat verilib.
***
“Babamın nəşini bizə vermirlər. “Semaşko”da morqda saxlanılır”.
Bunu oxu.az-a bu gün gecə saatlarında dünyasını dəyişmiş “Neftçi”nin sabiq prezidenti, güləş üzrə Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Aydın İbrahimovun nəvəsi Nərminə Məmmədova bildirib.
Onun sözlərinə görə, heç bir səbəb göstərilmədən babasının cəsədi onlara təhvil verilmir:
“Üç saatdır müzakirə aparılır. Amma nə müzakirə aparıldığını bilmirik. Üç saat müzakirə etmək olar?! Hələ anamın harada işlədiyini soruşurlar. Artıq saat 3-dür. Evdə insanlar oturub gözləyir.
“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev də zəng vurmuşdu. Gənclər və İdman Nazirliyi ilə danışmışıq. Onlar müzakirə aparıldığını bildirib”.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev də saytımıza bu məsələnin həlli istiqamətində işlərin aparıldığını bildirib:
“Şəxsən nazir müavini İsmayıl İsmayılov səhər tezdən bu məsələni nəzarətində saxlayır. O, lazımi qurumlarla danışıqlar apararaq bu məsələnin həlli istiqamətində çalışır. Nəsə olsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, Aydın İbrahimov 82 yaşında müalicə aldığı klinikada koronavirusdan dünyasını dəyişib.