Yunanıstanın “Olimpiakos”una qarşı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda ciddi zədə alan "Neftçi"nin futbolçusu Namik Ələskərov əməliyyat olunub.
"Report"un məlumatına görə, 26 yaşlı yarımmüdafiəçinin əməliyyatı uğurlu alınıb. Bu barədə "ağ-qaralar"ın həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında deyib.
Onun sözlərinə görə, üz-çənə cərrahı tərəfindən maksilyar hissədə icra olunmuş əməliyyat tam uğurla başa çatıb: "Namikin vəziyyəti stabildir. O, palataya yerləşdirilib, 1-2 günə evə buraxılacaq. Futbolçumuz təxminən 3 həftədən sonra fərdi məşqlərə başlaya biləcək".
Qeyd edək ki, Namik Ələskərov matçın 43-cü dəqiqəsində zədələnib. "Olimpiakos"un futbolçusu Məhəmməd Kamaranın kobud oyunundan sonra başından qan açılan oyunçu görüşü davam etdirə bilməyib. Onun əvəzinə meydana Mirabdulla Abbasov daxil olub. Kamara isə qırmızı vərəqə ilə meydandan qovulub. Qarşılaşma "Neftçi"nin minimal hesablı məğlubiyyəti ilə başa çatıb - 0:1.