Yunanıstanın "Olimpiakos" klubu Çexiya millisinin və İspaniya "Sevilya"sının qapıçısı Tomas Vatsliki transfer edib.
Bu barədə tanınmış jurnalist Fabrisio Romano şəxsi tvitter hesabında yazıb. O bildirib ki, 32 yaşlı qolkiper yeni komandasında Joze Sanı əvəzləyəcək. Rəsmi müqavilə tezliklə imzalanacaq.
Portuqaliyalı qapıçı Sa İngiltərə "Vulverhempton"una keçib. Öz növbəsində "Canavarlar"ın qapıçısı Rui Patrisiu İtaliya "Roma"sına yollanıb.
Vatslik "Sevilya"da 2018-ci ildən forma geyinib. O, 2019/2020 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ı məğlub etdikləri (3:0, 2:0) hər iki oyunda start heyətdə yer alıb.
Qeyd edək ki, "Olimpiakos" Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi" - "Dinamo" (Tbilisi, Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq. Tbilisidəki ilk görüşdə Azərbaycan təmsilçisi qalib gəlib - 2:1. Cavab görüşü iyulun 14-də "Bakcell Arena"da olacaq.