Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsi Bakıdakı yarışlarla bağlı qərarlarını açıqlayıb.
12-15 mart tarixlərində Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku martın 13-də koronavirusa görə yarımçıq saxlandığından, bu yarış barədə qərar verilib.
Belə ki, finala vəsiqə qazanan idmançıların təsnifat mərhələsindəki göstəriciləri yekun sayılacaq və onlar mükafatlandırılacaq.
Həmçinin, 2020-ci ildə təxirə salınmış dünya çempionatları ilə bağlı da qərarlar açıqlanıb. Bu il 14-16 mayda Bakıda keçirilməsi planlaşdırılmış, lakin təxirə salınmış aerobika gimnastikası üzrə dünya çempionatı 2021-ci ildə baş tutacaq. Bunun üçün Azərbaycan Gimnastika Federasiyası ilə yeni tarixlər müzakirə olunacaq.
Qeyd olunub ki, Kopenhagendəki idman gimnastikası və Bakıdakı batutda tullanma üzrə dünya çempionatları, əvvəlki kimi, 2021-ci il tarixlərində keçiriləcək. Həmçinin, 2021-ci ildə keçiriləcək bədii gimnastika üzrə dünya çempionatına namizəd ölkənin axtarışı prosesinin davam etdiyi vurğulanıb.