İspaniyanın Bask vilayəti prokurorluğu məhkəmədən “Eybar” klubunun hücumçusu Serji Enrixi və keçmiş komanda yoldaşı Antonio Lunanı beş illik həbs cəzasına məhkum etməyi xahiş edib.
Prokurorluq futbolçuları qadının iradəsinə zidd olaraq seks videosunu çəkərək, onu ictimailəşdirməkdə günahlandırır.
EFE informasiya agentliyi məlumat verir ki, prokurorluq “Eybar”ın keçmiş üzvü, millimizin futbolçusu Eddi İsrafilovun da cinayət məsuliyyətinə cəlb edilməsini istəyir. Onun barəsində iki illik həbs nəzərdə tutulub. Zərərçəkən şəxs isə onun üç illik həbs olunmasını tələb edir.
Ehtimal edilir ki, görüntüləri hazırda “Albasete” klubunun şərəfini qoruyan Eddi İsrafilov yayımlayıb. Hər üç futbolçu şəxsi həyatın məxfiliyini pozmaqda ittiham edilirlər.
Prokurorluq Enrixi və Lunanı çəkilişdə, Eddi İsrafilovu isə görüntüləri ictimailəşdirməkdə günahlandırır. Bundan əlavə, prokuror zərərçəkənə dəyən mənəvi zərərə görə futbolçulardan kompensasiya tələb edir.
Qanuna əsasən, təqsirləndirilən şəxslərə prokurorun qərarından şikayət etmək üçün 10 gün vaxt verilir.