"Rəqibi təbrik edirəm. Oyunun əhəmiyyətli olduğunu bilirdik. "Qarabağ"la oyundan sonra narahat idim. Psixoloji cəhətdən oyunçuları hazırlaya bilmədik. Futbolçular həmin qələbənin ab-havasında idilər. İkinci hissəni yaxşı oynadıq. Gənc oyunçularımız çoxdur. Təzyiqdən çıxmağa çalışacağıq. Qrafikimiz də sıxdır. "Qəbələ" ilə matça yaxşı hazırlaşmaq istəyirik".
Median.Az qol.az-a istinadən xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın XIII turunda səfərdə "Keşlə"yə 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib. 38 yaşlı mütəxəssis bildirib ki, nəticəni hansısa oyunçunun üzərinə atmaq istəmir:
"Futbolçu səhv edə bilər. Bu, normaldır. İlboyu eyni tempdə oynamaq ustalıq tələb edir. Biz o səviyyədə deyilik. Rəqibin necə hücum edəcəyini bilirdik. Biz komanda olaraq məşğul olduq".