"Təbii ki, bu qələbəni gözləyirdim. Oğlum 5 yaşından şahmata başlayıb. Daha əvvəl Avropa çempionluqları olmuşdu. Ancaq Dünya çempionluğu daha yüksək nəticədir".
Median.Az bildirir ki, bu sözləri Publika.az-a Hindistanın Mumbay şəhərində keçirilən yeniyetmələrin Dünya Çempionatında 11 oyundan 9 xal toplamaqla Dünya Çempionu titulunu qazanan şahmatçımız Aydın Süleymanlının atası Elşən Süleymanlı deyib.
Çempionun atası bildirib ki, bu çempionluğun həm də qürurverici tərəfi turnirin Hindistanda keçirilməsindədir: "Yəni şahmatın vətənində. Özümü çox xoşbəxt hiss edirəm. Valideyn kimi fəxr edirəm. Aydın tezliklə vətənə qayıdıb Türkiyədəki şahmat olimpiadalarına qatılmaq üçün yola düşəcək".