Ucar rayonunda ana və 5 yaşlı qızının ölümü ilə nəticələnən dəhşətli hadisə barədə bəzi məqamlar üzə çıxıb.
Bakı-Qazax magistralının rayonun Küçəkənd kəndinin ərazisindən keçən hissəsində "Hyundai Accent" markalı, 99 LR 711 dövlət qeydiyyat nişanlı avtomobilin vurub öldürdüyü 1988-ci il təvəllüdlü Aynur İsgəndərova körpə qızı ilə birgə Bakıdan kəndə gəlirmiş.
Belə ki, keçən ilin 3 mart tarixində A.İsgəndərovanın atası Ramiz kişi vəfat edib. Dünən günorta saatlarında o, qızı Ayşənlə birgə atasının vəfatının ildönümü mərasimində iştirak etmək üçün Bakıdan rayona yola düşüb. Küçəkənd kəndində səfərə çıxdığı nəqliyyat vasitəsindən düşərək ata evinə getmək üçün yolun əks tərəfinə keçmək istəyib. Bu zaman Bərdə rayonundan olan 1984-cü il təvəllüdlü sürücü Cavadov Rəşad Rəhim oğlu idarə etdiyi avtomobillə ana və qızını vurub. Onların ikisi də hadisə yerində vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.//Publika.az