Fevralın 20-də gecə saat 03:00 radələrində Abşeron rayonu Masazır qəsəbəsinin “Qurtuluş-93” yaşayış sahəsindəki 8 saylı binanın 1-ci mərtəbəsində yerləşən elektrik şitində yanğın baş verib.
Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları hadisə yerinə gəlib. Sakinlərin yanğından xilas edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər görülüb.
Polis və yanğın təhlükəsizliyi xidməti əməkdaşlarının çevik müdaxiləsi və yaxından köməyi ilə sakinlər təxliyyə olunub, onların təhlükəsizliyi təmin edilib. Yanğın söndürülüb, xəsarət alan olmayıb.
Bina sakinlərinin təxliyyəsi zamanı Abşeron Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları, polis serjantları İlkin Kərimov, Elməddin Alıyev, Bəhruz Heydərli və Kamil Həsənov tüstüdən zəhərləndikləri üçün Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb, onlara ilkin tibbi yardım göstərilib.
Hazırda polis əməkdaşlarının vəziyyəti normaldır və xidmətlərini davam etdirirlər.
Faktla bağlı araşdırma aparılır.