Fevralın 3-də Bilecikdə baş vermiş yol-nəqliyyat hadisəsində ağır yaralanan Bilecik Şeyx Edebalı Universitetinin tələbəsi, Azərbaycan vətəndaşı Mirsani Seyidov dünyasını dəyişib.
“Habertürk”ün məlumatına görə, bazar günü Bilecikdə fəaliyyət göstərən bir fabrikə aid olan və Azərbaycan vətəndaşı Mirabbas Seyidovun idarə etdiyi 34 MM 1844 dövlət nömrə nişanlı avtomobil Yenişehir qovşağına çırpılmışdı.
Qəzada avtomobilin içərisində olan Mirsani Seyidov, Özgür Gülüm, Hakan Atilla ağır yaralanmış, Mirsani Seyidov Düzcə Dövlət Xəstəxanasına yerləşdirilmişdi. Bilecik Şeyx Edebalı Universitetinin tələbəsi olan 23 yaşlı Mirsani Seyidov bu gün vəfat edib.
Bununla bağlı universitet rektorluğu mesaj yayımlayaraq, Mirsani Seyidovun yaxınlarına, sevənlərinə və bütün Bilecik Şeyx Edebalı Universiteti ailəsinə başsağlığı verib.