Fövqəladə Hallar Nazirliyi Şamaxıda baş verən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
Nazirlikdən oxu.az-a bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonunun Mirikənd kəndində “Mercedes” markalı minik avtomobili və “Ford” markalı mikroavtobus toqquşub. Qəza zamanı mikroavtobusda xəsarət alan 1 nəfər (sərnişin) köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri həmin şəxsi müvafiq qaydada mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
* * * * *
Şamaxıda mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alanların adları məlum olub.
Median.Az-ın Report-a istinadən məlumatına görə, hadisə zamanı 13 nəfər yaralanıb.
Onlardan biri təcili əməliyyat olunub.
Xəsarət alan şəxslər bunlardır: Rzayev İlham Baxış oğlu, Rəhimov Qurban Ağakər oğlu, Səmədova Qızılgül Badəddin qızı, Babayev Süleyman Atabala oğlu, Məmmədli İbrahimxəlil, Məmmədov Toğrul, Ömərov Yaqub, Məmmədov Röyal, Darçınova Bəsti, Abdulrəhmanov İlham Akif oğlu, Ağabalayev Humar Talıb oğlu, Zamanova Raidə Zaman qızı və Xəyal Rüstəmov (əməliyyat olunub).
* * * *
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az APA-ya istinadən xəbər verir ki, bu gün saat 09:00 radələrində magistral yolun Şamaxının Mirikənd kəndi ərazisindən keçən hissəsində “Ford” markalı mikroavtobusu aşıb, 10-a yaxın sərnişinin xəsarət aldığı bildirilir.
Xəsarət alanlar təcili yardım stansiyasının avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılır.
Hadisə barədə əlavə məlumat veriləcək. Faktla bağlı araşdırma aparılır.