Sabirabad rayonunda intihar hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Rayonun Cavad kənd sakini, 2001-ci il təvəllüdlü Səmayə Zeynalova özünü yaşadığı evin həyətindəki nar ağacından asıb.
S.Zeynalovanın 1 yaşlı oğlu var.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə bildirib ki, qız boşanmaq istəsə də, anası buna razı olmayıb:
“Qız ailəli olduğu dövrdə valideynlərinə həyat yoldaşı, qayınatası, qayınanasının ona mənəvi, psixoloji işgəncə verdiklərini və onu bezdirib intihar həddinə çatdırdıqlarından dəfələrlə şikayət edib, boşanmaq istəyib.
Qızın atası onun boşanmasına razılıq verib, amma anası qəti etiraz edib. “Getmisən, dolan, otur, boşanma” deyib. Yeri gəlmişkən, qızın anası ilə oğlanın anası əmiqızlarıdır”.
Qeyd edək ki, Sabirabad rayon prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddə ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlayıb.