Quldurluq və soyğunçuluğa görə əvvəllər məhkum edilmiş və Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən şəxsin həyat yoldaşı Yelena Kərimovanın övladları dörd yaşlı qızı Xədicəni və iki yaşlı oğlu Süleymanı öldürməsi ilə bağlı cinayət işinin istintaqı yekunlaşıb.
Median.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə 2018-ci ilin aprelində Nijeqorod vilayətində baş verib.
Aprelin 26-da Semenovsk rayonunda içərisində iki uşaq cəsədi olan yanmış avtomobil aşkar edilib.
Məlum olub ki, Y.Kərimova əvvəlcə övladlarını boğub, daha sonra isə izi itirmək üçün avtomobili yandırıb.
Polis tərəfindən saxlanılan qadın əməlini etiraf edib. O, maddi çətinlik çəkdiyini və cinayəti bu səbəbdən törətdiyini bildirib.
Bununla yanaşı, məlum olub ki, qadın hər ay avtomobil kirayəsinə 40 min rubl (təxminən 1000 manat) xərcləyir və cinayətdən bir müddət əvvəl xaricdə istirahət üçün yol vərəqəsi qazanıb.
Məlumatlarda qeyd edilib ki, cinayət işinin araşdırılması Rusiya İstintaq Komitəsinin Nijeqorod vilayəti üzrə idarəsinin xüsusi nəzarətindədir.
Həmçinin, istintaq zamanı müəyyən edilib ki, qadın keçmiş əri olan Azərbaycan vətəndaşının tələbi ilə İslam dinini qəbul edib. Ancaq o, İslam dininin qanunlarına riayət etməyib və öz həyatını davam etdirib. Buna görə də qətlin motivinin dini zəmində baş verməsi ehtimalı qəbul edilməyib.
İstintaq zamanı qadının digər cinayətinin də üstü açılıb. Məlum olub ki, qadın Nijenovqorod şəhərində yaşadığı qohumlarının evindən dəyəri 140 min rubl (təxminən 3600 manat) olan qızıl-zinət əşyaları oğurlayıb.
Yaxın vaxtlarda cinayət işinin məhkəməyə göndəriləcəyi bildirilib.