Şimali və Cənubi Koreya liderləri arasında cümə sammiti böyük ziyafətlə yekunlaşıb.
Bu barədə “Euronews” məlumat yayıb.
Şam yeməyi zamanı KXDR lideri Kim Çen In və Cənubi Koreya prezidenti Mun Çje İn Pxenyanın soyuq əriştəsinin, hər iki ölkənin milli mətbəxindən olan müxtəlif təamların dadına baxıb.
Ziyafət həmçinin Şimali Koreya dövlət başçısı üçün bir növ nostaljik əhəmiyyət daşıyıb. Təşkilatçılar onun tələbəlik illərini İsveçrədə keçirdiyini nəzərə alaraq, menyuya İsveçrə mətbəxindən bəzi nümunələri daxil edib.
Ancaq ziyafətin əvvəlində Koreya liderlərinin kəsdiyi tort Yaponiya hökumətinin ürəyincə olmayıb. Ağ şokoladla örtülmüş manqo tortunun üzərində Koreyanın vahid xəritəsi təsvir olunub. Xəritəyə Seulla Tokyo arasında mübahisəli sayılan Takesima adası da daxil edilib.
İnsidentlə əlaqədar Yaponiya XİN-i Cənubi Koreya hökumətinə nota göndərib.