Respublikaçılar Partiyası bazar ertəsi təsdiqlədiyi platformasında ABŞ tarixində ən böyük miqrant deportasiyasını həyata keçirəcəyini vəd edib.
Bu barədə Median.Az TASS-a istinadən xəbər verir.
"Biz miqrant cinayəti epidemiyasını dayandırmağa, xarici narkotik kartellərini məhv etməyə, dəstə zorakılığına qarşı mübarizə aparmağa, cinayətkarları həbsə atmağa söz veririk. HƏMAS-ı dəstəkləyən radikalları deportasiya edəcəyik və kollec kampuslarımızı yenidən təhlükəsiz və vətənpərvər edəcəyik", - deyə respublikaçılar bildiriblər.
Bu onların 20 vədindən biridir.
Digər maddələrə "radikal gender ideologiyasını təbliğ edən məktəblər üçün federal maliyyənin azaldılması", "kişilərin qadın idmanından uzaqlaşdırılması", "ölkənin birləşdirilməsi", "seçki təhlükəsizliyinin təmin edilməsi" və "inflyasiyaya son qoyulması" vədləri daxildir. Bütün bu vədlər dəqiq fəaliyyət planı ilə dəstəklənmir.
ABŞ Respublikaçılar Partiyasının platforması partiyanın həyata keçirmək niyyətində olduğu əsas prinsiplər, məqsədlər və siyasi mövqelər toplusudur. Hazırkı prioritetləri və ictimai rəydəki dəyişiklikləri əks etdirmək üçün sənəd adətən dörd ildən bir nəzərdən keçirilir və yenilənir.