NASA insanın Marsa uçuşuna hazırlıq məqsədi daşıyan eksperimental missiyanın uğurla başa çatdığını elan edib.
Median.Az Euronews telekanalına istinadla xəbər verir ki, 10 mindən çox namizəd arasından seçilən dörd könüllü Qırmızı Planetdə gələcək kolonistlərin bəzi yaşayış şəraitini simulyasiya edən eksperimental kompleksi – “Mars blokunu” tərk edib.
Onlar xarici dünyadan tamamilə təcrid olunmuş vəziyyətdə bir ildən çox yaşayıblar.
NASA ilk növbədə astronavtların eniş sonrası həyatının psixoloji aspektlərini son dərəcə məhdud resurslara malik 160 kvadratmetrlik blokda tədqiq edib. Ekipajın kömək və məsləhət istəmək imkanları da məhdud olub: təcrübə zamanı həlli yolları işlənmiş əsas məsələlərdən biri Yerlə əlaqənin ləngiməsi idi. Buna görə də yaranan problemləri müstəqil həll etmək lazım gəlib.
Astronavtlar bütün il boyu "Yerdən götürülmüş" konservlərlə qidalanıb və kiçik bir istixanada tərəvəz yetişdirməyə çalışıblar. Bu zaman resurslardan, xüsusən də sudan qənaətli istifadə ön plana çəkilib.
Bundan əlavə, bütün eksperimental blok və "planetin" ətrafı 3D printerdə çap olunub. Alimlər istisna etmirlər ki, bu xüsusi texnologiya Qırmızı Planetdə bol olan qumdan istifadə edərək Mars koloniyalarının qurulmasına imkan yaradacaq.