ABŞ prezidentliyinə namizəd və keçmiş dövlət başçısı Donald Tramp sənədləri saxtalaşdırmaqda təqsirli bilindikdən sonra onun seçkiqabağı kampaniyası təxminən 35 milyon dollar ianə toplayıb.
Məlumata görə, mühakimə prosesinin qərarı elan edildikdən bir neçə dəqiqə sonra rəqəmsal pultoplama sistemi güclü axın səbəbi ilə müvəqqəti problemlər yaşayıb. Lakin şəbəkədəki gecikmələrə baxmayaraq, kiçik ianələr hesabına 34,8 milyon dollar toplanıb.
Qeyd edilib ki, ötən gün kiçik ianələrin sayına görə rekord vurulub. Məsləhətçilər göstərdikləri dəstəyə görə bütün kampaniya iştirakçılarına təşəkkür edib və bildiriblər ki, noyabrın 5-də "amerikalılar əsl hökmü verəcəklər".
Xatırladaq ki, cümə axşamı Tramp bütün 34 ittiham üzrə təqsirli bilinib. İndi məhkəmə ABŞ-nin keçmiş prezidentinin cəzasını müəyyən etməlidir.
Mənbə: İnterfaks