Roma Papası Fransisk Slovakiyaya səfəri zamanı rusiyalı yazıçı Fyodor Dostoyevskinin “Karamazov qardaşları” romanından sitat gətirib.
O, yerli ekumenik şuranın nümayəndələri ilə görüşü zamanı yazıçının romanın ikinci hissəsinə daxil etdiyi “Böyük İnkvizitor” pritçasını xatırladıb.
Roma Papası qeyd edib ki, onların cəmiyyəti “ateistlərin təqibi” illərini yaşayıb və həmin dövrlərdə dini azadlıq ciddi sınaqla üzləşib. O, asılılığa qayıtmaq istəyinin - özü də rejimdən deyil, “köləliyin ən pis növünə” - hələ də qaldığını vurğulayıb.
“Dostoyevskinin məşhur “Böyük inkvizitor haqqında əfsanə”sində xəbərdarlıq etdiyi budur... İnsanlar daha rahat bir köləlik naminə azadlıqdan imtina etməyə hazırdırlar ki, kimsə onlar üçün qərar versin, qida və təhlükəsizliklə təmin etsin”, - deyə o, bildirib.
Qeyd edək ki, sözügedən pritçada İnkvizitor, İsa Məsihi insan azadlığını həddindən artıq qiymətləndirməkdə günahlandırır və insanların azadlıqlarını “daha rahat əsarət”ə dəyişdirməyi üstün tutduqlarını bildirir.
Papa Fransisk insanları bu tələyə düşməməyə və azadlığı imtiyazlarla dəyişdirməməyə çağırıb.