Braziliyanın San-Paulu ştatının Arasatuba şəhərində silahlı cinayətkarlar bankların 3 filialına hücum edərək, bir neçə nəfəri girov götürüblər.
Bununla bağlı həvəskar videoçəkilişi kadrlarını “Globo” telekanalı nümayiş etdirib.
Təcavüzkarlar yoldan keçənləri girov götürərək və avtomobilləri ələ keçirərək, onlardan polislə atışmalarda sipər kimi istifadə ediblər. Quldurlar hadisə yerini tərk edəndə girovlardan bəziləri avtomobillərin damlarına bağlanmış vəziyyətdə qalıb.
Qeyd edilir ki, atışmalar zamanı üç nəfər ölüb. Onlardan ikisi girov, biri cinayətkardır. Hadisə zamanı daha beş nəfər xəsarət alıb.
Cinayətkar qrupun üç üzvü polis tərəfindən saxlanılıb.
Məlumata görə, cinayətkarlar qaçan zaman avtomobilləri yandırıblar və küçələrə əldəqayırma partlayıcı qurğular qoyublar. Hadisə ilə əlaqədar şəhər meriyası məktəblərdə dərsləri və ictimai nəqliyyatın hərəkətini ləğv edib.
Cinayətkarlar hücüm etdikləri filiallardan birindən pul qarət etməyə nail olublar. Vəsaitin məbləği açıqlanmır.