ABŞ səfirinin müavini Bart Qorman ABŞ-ın Moskvadakı səfirliyinin 10 işçisinin arzuolunmaz şəxs (persona non qrata) elan edilməsi ilə bağlı nota alıb.
Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
"21 aprel tarixində ABŞ-ın Rusiya Federasiyasındakı diplomatik nümayəndəliyi rəhbərinin müavini Bart Qorman Rusiya XİN-ə çağırıldı və ona ABŞ-ın Moskvadakı səfirliyinin 10 işçisinin arzuolunmaz şəxs elan olunması ilə bağlı nota verildi. Bu şəxslər 21 may, günün sonunadək ölkəmizin ərazisini tərk etməlidirlər.
Bu tədbir Amerika tərəfinin əsassız olaraq arzuolunmaz şəxs elan etdiyi Rusiyanın Vaşinqtondakı səfirliyinin bir sıra əməkdaşlarına və Nyu-Yorkdakı Rusiya Baş Konsuluna qarşı düşmən hərəkətlərinə cavabdır", - XİN-in bəyanatında bildirilib.
Xatırladaq ki, Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq Rusiya yaxın zamanda əlavə addımlar atacağını bildirmişdi.