İspaniya parlamentinin aşağı palatası olan Deputatlar Konqresi evtanaziyanı (sağalmaz dərdə tutulmuş xəstənin özünün və ya onun qohumlarının razılığı ilə həmin şəxsin ölməsinə tibbi üsulla kömək etmək) qanuniləşdirərək ciddi və sağalmaz xəstəliyi olan və həyatını başa vurmaq istəyənlərin intihar haqqını dəstəkləyən layihəni qəbul edib.
“Report” AFP-yə istinadən xəbər verir ki, qanun 141 səsə qarşı 202 sələ qəbul edilib, iki deputat da bitərəf qalıb.
Bununla da İspaniya Avropada həmin addımı atan dördüncü ölkə olub.
İndiyədək İspaniyada başqasına intihar etməyə köməyə görə 10 ilədək həbs cəzası nəzərdə tutulurdu.
Ölkə ərazisində qanuni əsasla yaşayan yetkin şəxslərə şamil olunan qanun üç ay ərzində, regional komitələr tərəfindən baxılaraq təklifləri daxil edildikdən sonra qüvvəyə minəcək. Belə ki, evtanaziya etmək istəyən xəstə ərizəsinə həkimlər və xüsusi komissiya tərəfindən baxıldığı vaxt ərzində azı dörd dəfə qərarını təsdiqləməlidir, istədiyi vaxt ərizəsini geri götürə, yaxud da möhlət istəyə bilər.
Qeyd edək ki, qanun layihəsi müzakirə olunduğu dövrdə ictimaiyyət arasında qızğın mübahisələr gedirdi. 2019-cu ildə keçirilən rəy sorğusu iştirakçılarının 90 faizi evtanaziyanı qanuniləşdirməyə tərəfdar olduqlarını bildirib.
Bundan əvvəl Avropada Belçika, Luksemburq, Niderland da evtanaziyanı qanuniləşdirib. Daha bir neçə ölkədə xəstəni həyatda tutan müalicənin dayandırılması olan “passiv evtanaziya”ya icazə verilib.