Dubayın vəliəhd şahzadəsi, şeyx Həmdan bin Məhəmməd əl-Məktumun Özbəkistanda Qırmızı kitaba düşmüş dovdaq quşlarını ovlamaq üçün təyyarənin biznes-klasında apardığı ov qartallarının videogörüntüləri sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub.
Median.Az virtualaz.org-a istinadən xəbər verir ki, qartarlar “Özbəkistan Havayolları” şirkətinin təyyarəsinin komfortabelli biznes-salonunda gətirilib. Kadrlara əsasən şeyxin 10 qartalının hərəsinə bir kreslo ayrılıb.
Şeyx Həmdan bin Məhəmməd əl-Məktum Özbəkistanın Nəvai vilayətində qartallarla dovdaq ovlayıb. Özbəkistanda ov mövsümündə hər belə quşu ovlamaq üçün dövlətə 6 min dollar pul ödəmək lazımdır. Özbəkistanın ekologiya və ətraf mühitin mühafizəsi Dövlət Komitəsinin əməkdaşı adının açıqlanmaması şərti ilə deyib ki, ərəb şeyxləri “xüsusi icazə” ilə ərazidə ov ediblər. Lakin mənbə şeyxlərin dovdaq ovuna görə xərclədikləri pulun məbləğini bilmədiyini deyib.
Əlbətdə, Dubay şeyxinin Özbəkistanda Qırmızı kitaba düşmüş quşları ovlaması üçün icazə ancaq yüksək səviyyədə verilə bilərdi. Bunun təsdiqi kimi prezident Şövkət Mirziyoyevin kürəkənlərinin şeyxin şərəfinə verdiyi ziyafətdən yaydıqları fotoları göstərilir. Sosial şəbəkələrdə yayılmış fotolara əsasən Dubaydan olan yüksək rütbəli qonaqlar Daşkənddə prezidentin kürəkənləri Oybek Tursunov və Otabek Umarovla ziyafət məclisində oturublar. Umarov prezidentin təhlükəsizlik xidmətinin rəhbərinin birinci müavinidir.