XİN 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yaydı » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:10 Bu ərazidə işıq olmayacaq  |     23:12 Bakıda 10 yeni metro stansiyası inşa ediləcək  |     22:33 Bakı metrosunda sərnişin relslərin üstünə yıxıldı - Qatarların hərəkəti dayandı  |     22:14 Yarım milyonluq qızıl Bakı aeroportundan necə keçirilib? - Vəzifəli şəxs tək olmayıb  |     21:20 Bakıda polis əməkdaşları 10 min manat tapıb, sahibi axtarılır  |     21:03 İranda bir ildə 997 nəfər edam olunub  |     20:37 Rusiyaya məxsus gəmi Malayziya sahillərində qəzaya uğrayıb  |     20:24 London klubu futbolçusu ilə müqavilənin müddətini uzadıb  |     19:49 İmişlidə avtoxuliqanlıq edən sürücü cəzalandırıldı  |     19:44 Şamaxıda 49 yaşlı kişi dəm qazından BOĞULDU  |     19:39 Azərbaycanda məşhur polkovnikin qardaşı oğlu HƏBS EDİLDİ  |     19:15 Özbəkistanda elektron siqaretlər qadağan edilib  |     19:11 Sumqayıtda qız sevgilisinə görə anasını 300 manat cərimə etdirdi  |     18:33 Pezeşkian Ermənistan səfirinin etimadnaməsini qəbul edib  |     17:26 Şahin Bağırov rəisləri işdən azad etdi  |     16:31 Xidməti uyğunsuzluğa görə buraxılmaya təqdim olunanlarla bağlı YENİLİK  |     16:11 Quş qripi mutasiyaya uğradı: ABŞ-də ilk ölüm  |     15:50 AZAL təyyarəsinin "qara qutu"larının GÖRÜNTÜLƏRİ - FOTO  |     15:05 Aygün Kazımovanın ağsaqqalla rəqsi gündəm oldu - VİDEO  |     14:56 Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?  |    

XİN 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yaydı

Xarici İşlər Nazirliyi 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda deyilir:

"31 mart tarixi, 1918-ci ilin martında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğın qurbanlarının xatirəsinin anıldığı Azərbaycanlıların Soyqırımı günüdür.

1918-ci ilin mart qırğınları millətçi ermənilər tərəfindən azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasət idi.

1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilib və on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib. Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin tərəfindən Qafqazın Fövqəladə Komissarı təyin edilən, etnik erməni olan Stepan Şaumyan etiraf edirdi ki, azərbaycanlılara qarşı olan qırğınlarda Bakı Sovetinin 6000 və Daşnaksutyun partiyasının 4000 silahlı əsgəri iştirak edib.

Azərbaycanlılara qarşı törədilən soyqırım Bakı ilə yanaşı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrini də əhatə etdi. 1918-ci ilin ilk beş ayı ərzində təkcə Qubada xüsusi vəhşiliklə 16 000-dən artıq insan öldürüldü. Ermənilər həmçinin Qubada yaşayan yerli yəhudi və ləzgilərə qarşı qətliam törətdilər. Quba rayonu ərazisində 2007-ci ildə aşkar olunmuş kütləvi məzarlıq ermənilərin törətdiyi qeyri-insani əməllərin əyani sübutunu təşkil edir.

Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün 1918-ci ildə Fövqəladə İstintaq Komissiyası yaratmış, Komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Müxtəlif millətlərin, o cümlədən ruslar, yəhudilər, polyaklar, gürcülər və hətta ermənilər olmaqla, həmin dövrün ən yaxşı hüquqşünaslarının təmsil olunduğu Fövqəladə İstintaq Komissiyası sübutlar əsasında dinc əhaliyə qarşı müxtəlif cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açdı və törətdikləri cinayətlərə görə Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olundu.

Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırıldı, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alındı. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildi və 31 mart "Azərbaycanlıların Soyqırımı Günü” elan edildi.

Azərbaycanlıların Soyqırımı Gününün yad edilməsi keçmişdə və hal-hazırda azərbaycanlıların qırğın və etnik təmizləmələrə məruz qalması barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynayır.

1980-ci illərin sonlarından etibarən Ermənistan Azərbaycana qarşı müharibəyə başlayaraq və ölkəmizin ərazilərini işğal edərək Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində milyonlarla azərbaycanlının etnik təmizləməsini həyata keçirərək çoxsaylı hərbi cinayətlər, insanlığa qarşı cinayət, eləcə də 1992-ci ilin fevralında Xocalı Soyqırımı da daxil olmaqla, soyqırımı aktları törədərək mart qırğınını xatırladan siyasəti davam etdirir.

Mart qırğınının günahsız qurbanlarının xatirəsini anaraq Ermənistanın Azərbaycan xalqına qarşı soyqırımı, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü və davam edən siyasətini kəskin şəkildə pisləyir və bu qəbildən olan qeyri-insani cinayətlərin qarşısının alınması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyini bir daha vurğulayırıq", - deyə bəyanatda bildirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 744 30.03.19 20:30