Biz azad, demokratik bir ölkədə, cəmiyyətdə yaşayırıq. Ölkə prezidenti özü də dəfələrlə deyib ki, bizdə senzuradan söhbət gedə bilməz.
Ümumiyyətlə, biz müasir dövrün tələblərinə cavab verən bir dövlət qurmuşuq və bu sahədə inkişaf gedir. Ona görə sosial şəbəkələrin bağlanılması, qapadılması bizim imicimizə müsbət heç nə gətirməz. Əslində, bundan söhbət də getmir.
Bunu oxu.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Naqif Həmzəyev bəzi hakim partiya təmsilçilərinin sosial şəbəkələrin bağlanılmasına dair fikirlərinə münasibət bildirərkən deyib.
“Sadəcə, bir müddət öncə qanunvericiliyə dəyişikliklər edildi və biz indi buna müvafiq olaraq sosial şəbəkələrdə yanlış informasiyalar yayan, təhqirlərə yol verən, saxta profillərdən istifadə edən şəxslərin fəaliyyətinə nəzarət mexanizmi üzərində işləməliyik”, - deyən millət vəkili sosial şəbəkələrin müsbət tərəflərinin çox olduğunu vurğulayıb:
“Ancaq sosial şəbəkələri mənfi tərəfə yönləndirən, xarici qüvvələrin təsiri altında fəaliyyət göstərən, kimlərinsə haqqında yanlış fikirlər yayan, xüsusilə təhqirə, böhtana yol verən şəxslər var ki, onların fəaliyyəti nəzarətə götürülməlidir və xoşagəlməz, qıcıq yaradan hallar aradan qaldırılmalıdır.
Çünki sosial şəbəkələr ictimai bir məkana çevrilib. Yəni istənilən şəxs tərəfindən yayılan, səslənən fikir ona məxsus olsa da, hamı tərəfindən izlənilir, oxunur, görülür və ona görə qısa bir müddət ərzində müvafiq nəzarət mexanizmi hazırlamalı, yaratmalıyıq”.
“Nəzarət mexanizmi deyərkən nə və ya nələr nəzərdə tutulur?”, - sualına cavabında isə millət vəkili bunları deyib:
“Bizim üzərimizə düşən vəzifə qanunvericiliyə dəyişikliklər, düzəlişlər etmək idi və bunu da etmişik. İndi aidiyyəti qurumlar həmin dəyişikliklərin tətbiqi, icrası yönündə lazımi işlərlə məşğul olmalıdırlar. Artıq müvafiq tədbirlər görülür, qısa müddət ərzində bu mexanizmlər tətbiq ediləcək.
Ümumiyyətlə, digər ölkələrdə bu cür tədbirlər var, filtrləmə işləri həyata keçirilir və neqativ hallar çox asanlıqla aradan qaldırılır. İnanıram ki, bizdə də belə olacaq.
Bir vaxtlar bizdə “reket jurnalistika” baş alıb gedirdi. Son dövlərdə onların sayı xeyli azalıb. Yəni qanunvericiliyə dəyişikliklər edildi, nəzarət mexanizmi quruldu, addımlar atıldı və xeyli irəliləyiş əldə edildi. Bu gün əvvəlki kimi “reket jurnalistika”, “reket jurnalist”lər yoxdur.
Hesab edirəm ki, sosial şəbəkələrlə bağlı lazımi mexanizmlər qurulsa, biz sosial şəbəkələrdən artıq müsbət tərəfdən yararlana bilərik”.