Bakıda avtobus sürücülərini yeni cərimələr gözləyir.
Bakı Nəqliyyat Agentliyi "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanundan irəli gələn bir sıra tədbirlərin icrası ilə bağlı müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edib.
Agentlik daşıyıcı şirkətlərdə sürücülərlə görüşlərə başlayıb.
İlk görüş "Faiq Xaliqoğlu” şirkətinin sürücüləri ilə olub. Görüşdə bildirilib ki, qanunun 10-cu maddəsinin 1.12-ci bəndinə əsasən, müntəzəm şəhərdaxili avtobuslar və taksi minik avtomobilləri tütündən istifadənin məhdudlaşdırıldığı yerlərdən biri kimi müəyyən edilib. Qadağanın pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 322.0.4-cü maddəsinə əsasən, 40 manatdan 50 manatadək məbləğdə cərimə nəzərdə tutulub.
Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyatda etik davranış qaydalarına əməl edilməsi sahəsində birgə mübarizənin əhəmiyyətli olduğunu bildirir və bu sahədə sərnişinləri aktiv olmağa dəvət edir.