15 yaşlı fiqurlu konkisürən Yekaterina Ryabova Azərbaycan yığmasında çıxış etməsinin səbəblərini açıqlayıb.
Sport24.ru portalına açıqlama verən Y.Ryabova deyib ki, Azərbaycan yığmasını seçməsi sırf təsadüfi olub.
“Ölkəmizdə fiqurlu konkisürmədə həmişə ciddi rəqabət olub. Xüsusən qızlar arasında... Ona görə başqa ölkəni seçməyə qərar verdim.
Rusiya Konkisürmə Federasiyasına təşəkkür edirəm ki, mənə icazə verdilər. Və xüsusən Azərbaycan yığmasına təşəkkür edirəm ki, indi mən onu nəhəng turnirlərdə təmsil edə bilirəm. Azərbaycanı seçməyim isə təsadüfi olub. Valideynlərim bunu təklif etdi, mən də razılaşdım, idman vətəndaşlığımı dəyişdim.
Azərbaycanda bir dəfə olmuşam. Martda doğum günümdə Bakıya getmişdim. Orada bir çox yerləri gəzdim və mənim çox xoşuma gəldi. Azərbaycanda məni dəstəkləyənlər çoxdur. Çoxlu məktublar alıram. Digər ölkələrdən də dəstəkləyənlər var”, - Ryabova deyib.