Ötən gün baş verən zəlzələdən sonra Şamaxı və Qobustandakı vulkan ocaqlarında aktivliyin qeydə alınması gözlənilə bilər.
Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli mətbuat konfransında deyib.
Onun sözlərinə görə, yeraltı təkanlar həm də vulkanik proseslərlə bağlıdır:
“Hazırda zəlzələnin palçıq vulkanları ilə əlaqəsi araşdırılır. Əgər vulkanda hazırlıq, sıxılma prosesi baş verirsə, o, partlayışla püskürməlidir. Təcrübə göstərir ki, vulkana yaxın ərazilərdə zəlzələ baş verəndən sonra püskürmə baş verir”.
Qurban Yetirmişli qeyd edib ki, püskürmə, əsasən, 1-2 gün sonra müşahidə edilir:
“Əməkdaşlarımız hazırda ərazidəki vulkanlardakı gərginliyin hansı səviyyədə olduğunu müşahidə edirlər”.
//oxu.az